“Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində yerləşən daxili şəbəkədə 488 m dəmirdən olan çürümüş su xətti dəyişdirilərək d-90 mm polietilen borularla ilə əvəz olunmuşdur. Xətt artıq mərkəzi küçədə olan 38 abonentin istifadəsinə verilib.
7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin rəisi Ramil Rüstəmov “Xocalının səsi” qəzetinə açıqlamasında bildirdi ki, qəsəbə sakinləri tərəfindən bu məsələ rayon rəhbərliyi qarşısında qaldırılmışdı. Tapşırığına əsasən əməkdaşlarımız öz işlərini peşəkarlıqla yerinə yetirdilər. Yaxın vaxtlarda digər küçələrdəki dəmirdən olan su borularının polietilen borularla əvəz edilməsi prosesi həyata keçiriləcək. Bununla həm israfçılığın, həm də qəzaların qarşısı alınacaq.
Ramil Rüstəmov 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən ötən ildə görülən işləri də diqqətə çatdırdı. Qeyd etdi ki, rəhbərlik etdiyi idarə Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbələrində yaşayan əhalini su ilə təmin edir. Sahə hal-hazırda 1120 abonentə xidmət göstərir. Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə tərəfimizdən bir sıra işlər görülmüşdür.
İdarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. İl ərzində qəsəbədaxili küçələrdə müxtəlif diametrli su boru xətlərinin 106 metr hissəsi dəyişdirilmişdir. Müxtəlif diametrli 12 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 45 ədəd müxtəlif diametrli siyirtmə isə təmir olunmuşdur.